Sahibkar dərin düşüncəli və zəkalı olmalıdır

Sahibkar dərin düşüncəli və zəkalı olmalıdır

( Sahibkar Vidadi İskəndərovun müraciətləri ilə əlaqədar bəzi düşüncələrim)

 

Hörmətli Vidadi müəllim, yaşım ötsə də, obyektiv mövqeli KİV-lərlə əlaqəni kəsmirəm. Çalışıram ki, elimin-obamın maraqlarına haqsız olaraq toxunan hallara cavab verim, haqqın tərəfində olum, pisliklərin yanından biganəliklə ötməyim.

Əvvəlcə onu qeyd edim ki, sizi qismən, bəzi qohumlarınızı yaxşı tanıdığım üçün istəməzdim ki, xarici ölkəyə qaçmaqla Vətənə xain çıxan, tərbiyəsizlik nümayiş etdirən Vidadi İskəndərli kimi birisi ilə eyni sosial şəbəkədən səsiniz gəlsin. “Yaşıl market” bazar kompleksi ilə əlaqədar bir sıra məsələlərdən xəbərdar insan kimi fikirlərimi bildirmək istərdim.

Bizlərə sizin təqdim etdiyiniz “Yaşıl market”in layihəsi  bir neçə dəfə gənclərlə, iş adamları ilə, ağsaqqal və veteranlarla təhsil şöbəsinin, uşaq kitabxanasının iclas zallarında müzakirə edilib. Rayon İcra Hakimiyyətinin 2014-cü ilin 6 aylığın yekunlarına həsr olunmuş iclasında çıxış edib, çox vədlər vermişdiniz. Demişdiniz  ki, “Yaşıl market” işə düşdükdən sonra rayonun üç istiqamətinə avtobus işləyəcək, bazara gələnləri marketə gətirəcək və qaytaracaq. Elektron ticarəti, daha nələr, nələr olacaq. Hər bir iclasda aid oldu-olmadı “Yaşıl market”in üstünlüklərindən danışırdınız. İndi isə Rayon İcra Hakimiyyəti sizin müraciətinizlə elədiklərinin əksinə cavab alır. Bəs hanı o “Yaşıl market”? Sizin dəfələrlə dediyiniz soyuducu anbarlar, elektron ticarətin təşkili zalları.

Yaxşı ki, jurnalist peşəmi nəzərə alaraq həmin iclasların bir neçəsinin lent yazılarını saxlamışam. Vədlərinizi yenidən eşitmək istəsəniz sizə təqdim edə bilərəm.

Mövcud bazarları bağlamamaqda başçını ittiham edirsiniz. Özünüzü qanunları, hər şeyi yaxşı bilən iş adamı kimi təqdim edirsiniz. Bəs başçı hansı qanuna əsaslanıb bazarı (“Şahdağ” kiçik müəssisəsini) bağlaya bilərdi? Onun buna ixtiyarı çatırdımı? Axı həmin bazar da şəxsi mülkiyyətdir. Kiminsə mülkiyyət hüququna toxunmağa kiminsə haqqı varmı? Təbii ki, yoxdur. Dediyiniz meyvə-tərəvəz və “Əşya” bazarlarında 640 nəfər insan işləyir, ailəsinə çörək aparır. Hər nəfərin də ailəsinin tərkibini minimum 3 nəfərdən ibarət hesab etsək, deməli siz 1920 nəfəri çörəksiz qoymaq hesabına işinizin düzəlməsini istəyirsiniz. Möhtərəm cənab Prezidentin tapşırığı ilə çoxminli iş yerləri açıldığı bir zamanda sizin iddianız tamamilə yersizdir.

Vidadi müəllim, mövcud bazarın qarşısında bərbad vəziyyətdə avtomobil dayanacağı vardı. Rayon rəhbərliyi dayanacağı başqa yerə köçürdü və “Saat meydanı” adı ilə oranı abadlaşdırdı, yeni park saldırdı. Hər iki tərəf narazı qaldı. Siz dediniz ki, icra  bazarı reklam edir. Bazarın sahibi də dedi ki, buranı bağlamaq üçün dayanacağı da əlimizdən alır. Bu dərəcədə haqsızlıq olarmı?

İqtisadi prosesi bilən sahibkar, iş adamı fəaliyyətini düşünərək, təhlil apararaq işini qura bilsə, uğursuzluğa düçar olmaz, başqasını da bunda günahlandırmaz. Siz “Yaşıl market”i adi bir bazar kimi tikmisiniz.  Özəl fəaliyyət üçün sahibkar rəqabət mühiti yaratmalıdır. Əgər bu mühit yaradılmayıbsa, icra hakimiyyəti başçısının müavinlərinin günahı nədir? Müraciətinizdə onların da adını hallandırırsınız.

Müraciətinizdə deyirsiniz ki, kiçik bir bağçanın açılışına gediş olub, “Yaşıl market”ə yox. “Təbriz” küçəsindəki uşaq bağçası “kiçik” deyil. O, Heydər Əliyev Fondunun hərtərəfli və böyük dəstəyi ilə ən yüksək səviyyədə yenidən qurulub, əsaslı təmir edilib və 40 yerlikdən 100 yerliyə çatdırılıb. Ona da təəssüf edirəm ki, siz gələcəyimizin əsası olan uşaq bağçasını bazardan çox-çox aşağı pillədə görürsünüz.

Ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə daxil olan məsələlərə görə (hara getməli, hansı obyekti açmalı, kiminlə görüşməlidir) icra hakimiyyəti başçısını və hansısa digər vəzifə sahibini günahlandırmaqda da kimsə özünü ixtiyarlı hesab etməməlidir. Çox təəssüf ki, sizin müraciətlərinizdə bu cür ittihamedici hallar ardıcıl səslənir.

Vidadi müəllim, özünüzün dediyiniz kimi, təcrübəli iş adamısınız, ətrafınızda da çoxsaylı iş adamı var. Yaxşı bilirsiniz ki, “Yaşıl market”i də siz özünüz  işlədə bilərsiniz, o qədər də səviyyəli xidmət göstərməyən bazarı da siz bağlaya bilərsiniz. Əlbəttə ki, inzibati yolla yox, iqtisadi-maliyyə, özəl idarəetmə yollarını öyrənməklə, rəqabət mühiti, satıcılarda maddi maraq yaratmaqla. Daha gündə bir çəkiliş aparmaqla, təhqirlə, böhtanla, yersiz ittihamlarla məqsədə çatmaq mümkün deyil.

Başa düşürəm ki, bir milyon kredit borcu olan adamın gözünə gecələr də yuxu getməz. Mən məsləhət vermək istəmirəm. Sadəcə fikrimi bildirirəm: hamını haqsız görməklə haqqa çatmaq mümkün deyil.

Əməllərinizdən xeyir tapmaqda Allah köməyiniz olsun.

 

Vahid Xəlilov

Veteran jurnalist