İsmayıllıda Gənclər tənətənə ilə yola salınır, təntənə ilə də qarşılanır

17 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzi yeni yaranmış bir ənənənin, yeni bir təntənənin məkanına çevrilmişdi. Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin  İsmayıllı rayon şöbəsi ordudan tərxis olunan gənclərin qarşılanma mərasimini keçirib.
         Tədbiri giriş nitqi ilə açan şöbənin rəisi, polkovnik-leytenant Xamis Bədəlov qeyd edib ki, İsmayıllı gəncləri Vətən qarşısındakı hərbi borclarını şərəflə yerinə yetirir, ləyaqətlə başa vurur, tərxis olunduqdan sonra rayonun sosial-iqtisadi inkişafında fəal mövqe tuturlar. Rayonumuzun çoxsaylı yetirmələri zabit kimi Azərbaycan ordusunda nümunəvi xidmət göstərirlər. General mayor rütbəsinə yüksələn həmyerlimiz də  vardır. Bu onun nəticəsidir ki, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onlara hərbi bilik və vərdişlərin dərindən öyrədilməsi rayonun bütün aid strukturları tərəfindən diqqətdə saxlanılır.
   2016-cı il 2-5 aprel döyüşləri-böyük qələbəyə gedən yolun başlanğıcı da göstərdi ki,qüdrətli Azərbaycanın qalibiyyət ruhlu, işğalçıya cavab verəcək ordusu var. Bu ordu sıralarında əsil vətənpərvər İsmayıllı oğulları da  xidmət edir. Onlardan biri şəhid olmuş, digəri ölümcül yaralanmışdı.
       Qarşılanma mərasimində 6 nəfər aprel döyüşçüsünün iştirak etməsi bir daha onu göstərir ki, tarixi qələbənin ilkin mərhələsinin iştirakçıları həmişə hörmətlə, ehtiramla yad ediləcəklər,xatırlanacaqlar.Onların sosial həyatı daima diqqətdə saxlanılacaqdır.
      Giriş nitqindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Dövlət qulluğu veteranı Valeh Salehov, rayon veteranlar şurasının sədri, istefada olan polkovnik Əlaləm Babayev,rayon prokuroru Ülvi Abbasov çıxış ediblər. Onlar gənclərə bundan sonrakı həyat yollarının davamında uğurlar arzulamış, hərb istəməsək də, həmişə hərbə hazır olmağı məsləhət biliblər.
          Rayon məşğulluq mərkəzinin direktoru Həsən Həsənov Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birgə ordudan tərxis olunmuş gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirəcəkləri tədbirlərdən danışıb. Mərkəzin əməkdaşları direktorla birgə ordu sıralarından gəlmiş gənclər üçün kiçik bir əmək yarmarkası keçiriblər.
          Aprel döyüş əməliyyatlarında iştirak etmiş çavuş Həmid Muştaqovun və əsgər Sərxan Aydınzadənin çıxışları dinlənilib.
          Aprel döyüşlərində iştirak etmiş Sərxan Aydınzadəyə, Hakim Səmədova, Vüqar Babayevə, Yusif Mirzəyevə və Vüqar Mahmudova Fəxri fərmanlar, qiymətli hədiyyələt təqdim edilib.
         Tədbirin sonunda Mərkəzin foyesində hərbi vətənpərvərlik mövzulu konsert olub.