İlham Əliyev DOST Agentliyinin inzibati binasının açılışını etdi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.

Bina ilə tanışlıqdan sonra prezident kollektivlə görüşüb. O, DOST mərkəzinin əhəmiyyətindən danışıb: 

"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. İlk DOST mərkəzi açılır, fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Keçən ilin avqust ayında mənim Sərəncamımla DOST Agentliyi yaradıldı və şadam ki, qısa müddət ərzində, heç bir il keçməmiş birinci mərkəz artıq fəaliyyətə başlayır. Bildiyiniz kimi, Bakıda, bütün bölgələrdə bütövlükdə 31 mərkəz yaradılacaq. Vətəndaşlara yüksək xidmət göstərmək üçün burada bütün şərait, bütün imkanlar var. Bina çox gözəldir, müasirdir, həm xarici görünüşü, həm də dizayn-tərtibat baxımından. Bu, bir daha onu göstərir ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq, bu da çox önəmlidir. Hər bir mərkəzdə könüllülər qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli xidmət etmək üçün gözəl şərait yaradacaq.

Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcək.

Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Mən çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz.

Sizi bir daha bu gözəl hadisə münasibətilə ürədən təbrik edirəm. Arzu edirəm ki, tezliklə növbəti DOST mərkəzləri yaradılsın. Sağ olun”.

Sonda xatirə şəkli çəkdirilib.