Trampdan Çinə daha bir zərbə

ABŞ prezidenti Donald Tramp komandasına Çindən idxal edilən 300 milyard dollar dəyərində məhsullara yüksək gömrük rüsumu tətbiq etməyə başlamaları haqda tapşırıq verib.

Bu haqda ABŞ-ın ticarət üzrə nümayəndəsi Robert Laythayzer jurnalistlərə açıqlamasında bildirib.

“Prezident bizə bütün qalan Çin məhsullarına rüsumu artırmağımız haqda göstəriş verib. Onların ümumi dəyəri təxminən 300 milyard dollar təşkil edir” – deyə, dövlət rəsmisi qeyd edib.

Xatırladaq ki, Çindən ABŞ-a idxal edilən 200 milyard ABŞ dolları dəyərində olan məhsulların gömrük rüsumunun artırılması hələ cari ilin 1 yanvar tarixinə planlaşdırılırdı, amma dəfələrlə təxirə salınırdı. Bu qanun layihəsi mayın 10-da isə qüvvəyə minib.

Belə ki, ABŞ hökuməti təxminən 200 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb.