İsmayıllı Rayon İcra Hakimiyyəti əlillərə qayğını diqqətdə saxlayır

 İsmayıllı rayonu ərazisində 7311 nəfər müxtəlif səbəblərdən əlil olan insan yaşayır. Onların 450 nəfəri birinci, 4200 nəfəri ikinci qrup əlillər sırasına daxildir. Digər rəqəmləri də diqqətə çatdırmadan onu demək vacibdir ki, dövlət qayğısı hər bir imtiyazlı vətəndaşın ünvanına vaxtında və dəqiqliyi ilə çatdırılır. Birinci qrup əlillər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri xüsusi olaraq gündəlik yaşam qayğıları ilə rayon icra hakimiyyəti rəhbərliyinin diqqətində saxlanılır. Əlillərlə işin daha səmərəli və nəticəli təşkili, bu istiqamətdə fəaliyyətin koordinasiya edilməsi, problemlərin ilkin mənbədən öyrənilməsi və aid istiqamətlərə yönəldilməsi məqsədi ilə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon icra hakimiyyəti müxtəlif kateqoriyadan olan əlillərlə (150 nəfər) görüş keçirib. Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əmək haqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müharibə və əmək veteranlarının, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, ümumi səbəbdən əlil olanların pensiya və müavinətlərinin artırılması barədə Sərəncam və tapşırıqları ölkə vətəndaşlarının sosial müdafiəsinin, rifah halının yüksəldilməsinə yönəldilmişdir. Bu istiqamətdə ölkədə mühüm və əhəmiyyətli tədbirlər həyata keçirilir, əhalinin aztəminatlı təbəqəsinin sosial həyat şəraitinin yüksəldilməsi istiqamətində atılan addımların davamlı olacağı barədə əhali arasında izahat işləri aparılır. Cənab Prezident İlham Əliyevin xalqın xidmətçisi olmaq tapşırığını tam məsuliyyətlə yerinə yetirməyə çalışırıq. Bu çalışmada əlil insanlara qayğı fəaliyyətimizdə öncül yer tutur. Bu günə qədər daxili imkanlar əsasında əlillərə yardım göstərilib, ortaya çıxan problemləri həll edilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər bir məsələdə rayon rəhbərliyini və xidmət təşkilatlarının rəhbərlərini öz yanlarında görüblər. Lakin bunları kifayətləndirici hesab etmirəm. Bu gün sizi eşitmək, sizinlə həmsöhbət olmaq, aid qurumları, imkanlı şəxsləri, humanitar təşkilatları sizin problemlərinizin həllinə cəlb etmək üçün bir araya gəlməyi qərara aldıq.

DİA.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Kamran Muradov, rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov, Uşaq və ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyeva əlillərlə əlaqədar gördükləri işlərdən və problemlərdən danışıblar, hesabat xarakterli məlumat veriblər.

Sözü, təklifi, hər hansı bir mövzuda istəyi olan hər bir əlil dinlənilib, dedikləri sonrakı fəaliyyət üçün qeydə alınıb və ilkin icra üçün müvafiq istiqamətlərə yönəldilib.

Hərəkət imkanları olmayan Sənubər və Nəzakət Cəbrayılova bacılarının, Rasim Şahməmmədovun və bir neçə nəfər digər hərəkət imkanları məhdud birinci qrup əlilin həyat və yaşam təminatını yaxşılaşdırmaq üçün daha konkret tədbirlər müəyyənləşdirilib. Dəqiqləşdirilib ki, 20 nəfər birinci qrup əlilin mühərriklə işləyən əlil arabasına ehtiyacı vardır. Bu barədə tədbirdən sonra aid icra orqanına müraciət edilib.

Əlillərlə aparılan işi koordinasiya etmək, yaşayış yerlərində müntəzəm görüşmək, onların problemlərinin həlli ilə müntəzəm məşğul olmaq, cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının 15 nəfərdən ibarət komissiya yaratması barədə verdiyi sərəncamla tədbir iştirakçıları tanış ediliblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədovanın rəhbərlik etdiyi komissiya gördüyü işlər barədə bir həftədən sonra hesabat verib. Növbəti problemlərin həlli üçün tədbirlər müəyyənləşdirilib.

Qayğıya ehtiyacı olan insanlar problemə belə yanaşmadan razı qalıb və ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.


İsmayıllı Rayon İcra Hakimiyyəti əlillərə qayğını diqqətdə saxlayır
İsmayıllı Rayon İcra Hakimiyyəti əlillərə qayğını diqqətdə saxlayır
İsmayıllı Rayon İcra Hakimiyyəti əlillərə qayğını diqqətdə saxlayır