Şamaxıda su təchizatı üçün yeni mənbə yaradılır

Qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığının azalması bir sıra bölgələrdə olduğu kimi Şamaxıda da yay aylarında içməli su təminatında müəyyən çətinliklər yaradır. Üstəlik Şamaxı şəhərinin böyüməsi və turizmin inkişafı içməli suya olan tələbatı getdikcə artırır. 

“Azərsu”dan verilən məlumata görə, Şamaxı şəhərinin sabit və etibarlı su təchizatı üçün yeni mənbənin yaradılmasına başlanılıb.

Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir. Yeni yaradılan mənbədən şəhərə saniyədə 80-100 litr suyun verilməsi nəzərdə tutulur. Su mənbəyində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı, 1 ədəd su nasos stansiyası inşa edilib. Yeni su mənbəyindən Şamaxı şəhərinə içməli suyun verilməsi məqsədilə 19 km uzunluğunda magistral su kəməri tikilib. Şəhərin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 5000 kubmetr olan 4 yeni su anbarı da inşa olunub. Hazırda sugötürücü qurğuda tikinti işləri davam etdirilir. Mənbə istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq.

Qeyd edək ki, iqlim dəyişmələri və quraqlığın bəzi su mənbələrinin məhsuldarlığında təsiri nəzərə alınaraq digər bölgələrdə də yeni layihələr həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ötən il Tovuz, Lerik, Gədəbəy şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub. Eyni zamanda Ağstafa və Qobustanda yeni sutəmizləyici qurğular istismara verilib. Ümumilikdə son 10 ildə icra olunmuş layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb və bu sahədə işlər davam etdirilir.