“Yeni sistem inqilabi prosesdir”

Aqrar Subsidiya Şurası 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqlayıb. 

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə bağlı qəbul olunmuş qərara əsasən subsidiyalar üçün baza məbləği 200 manat nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev bildirib ki, yeni sistem inqilabi prosesdir: “2020-ci ildə kənd təsərrüfatı sahəsində subsidiyalar şəffaflıq və operativliyin təmin olunması üçün çox ciddi mexanizmdir. Hər bir fermer Elektron Kənd Təsərrüfatı Sistemində əkini və ya məhsul barədə sistemə məlumatı bəyan etməlidir. Bütün göstəricilər öz əksini tapdıqdan sonra onlara fermer kartı verilir. Köçürülən məbləğin 25 faizi nağdlaşdırılır. Qalan 75% isə postterminallar vasitəsilə nağdsiz qaydada ödənişlər üçün istifadə olunur. Subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir”. 

Nazir müavini qeyd edib ki, Azərbaycanda subsidiya qaydalarının müəyyən edilməsi ilə bağlı Subsidiya Şurası müəyyənləşdirilib: “Aqrar Subsidiya Şurası dəfələrlə müzakirə apararaq əmsalları müəyyənləşib. Artıq avqust ayında son protokollar təyin olundu. Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib. Bazar tələb təklif əsasında formalaşır. Subsidiyaların məqsədi də odur ki, fermerlərin maya dəyərini aşağı salsın və xalq da ucuz və keyfiyyətli məhsulla təmin olunsun”.

Bildirilib ki, istixanalara əvvəl də subsidiyalar verilmirdi, indidən sonra da verilməyəcək.

Qeyd edək ki, açıqlanan əmsallar üzrə subsidiyaların verilməsinə 2020-ci ildən başlanacaq. Həmin ildən subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.

***

Nazir müavininin sözlərinə görə, artıq 320 min fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib:

“Gələn il subsidiyaların məbləği builki qədər - 292 milyon manat olacaq. Bank kimi partnyorumuz isə “Kapital Bank”dır”.