Penitensiar Xidmət daha bir vəkildən şikayətçidir

Ədliyyə Nazirliyi Penitensiar Xidməti daha bir vəkildən şikayət edib. Vəkil Şəhla Hümbətova bildirib ki, bu gün ona zəng edərək Vəkillər Kollegiyası Rəyasət Heyətinin saat 16:00-da keçiriləcək iclasına dəvət ediblər.

O isə ölkədə olmadığı üçün iştirak edə bilməyəcəyini, onunla bağlı məsələnin baxılmasının təxirə salınmasını istəyib.
Ş.Hümbətovanın həmkarı Elçin Sadıqov əlavə edib ki, PX vəkildən 2019-cu ilin yanvar ayında şikayət edib: “Qanuna görə, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Ona görə də, heç bir halda vəkil Ş.Hümbətovaya cəza verilə bilməz”.

RH bu işə baxmaq, yoxsa təxirə salmaqla bağlı bugünkü iclasda qərar verəcək.

 

Qeyd edək ki, Penitensiar Xidmət Ş.Hümbətovadan müvəkkili, bloqer Mehman Hüseynovun həbsdə aclıq aksiyası keçirməsi ilə bağlı sosial şəbəkədə yazdığı status və mediaya verdiyi açıqlamaya görə şikayət edib.