Azərbaycan və Rusiya KOB-ları arasında Dəyirmi Masa

Bu gün Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə, KOB sahəsində təcrübə mübadiləsinə həsr olunmuş Dəyirmi Masa keçirilib.

 İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda Dəyirmi Masa Rusiya Federasiyasının “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalininin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan və Rusiya sahibkarları arasında əlaqələrin inkişafında önəmli rol oynayan Azərbaycan-Rusiya İşgüzar Şurasının, sıralarında yüzlərlə iş adamını birləşdirən “Caspian European Club”ın nümayəndələri, eləcə də kənd təsərrüfatı, turizm, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan sahibkarları iştirak ediblər. Dəyirmi Masadakı çıxışında Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər, dəstək mexanizmləri, KOBİA-nın fəaliyyəti barədə məlumat verib. Orxan Məmmədov Agentliyin KOB sahəsində xarici tərəfdaşların, o cümlədən “Opora Rosiia”nın müvafiq sahədə effektiv mexanizmlərin hazırlanması, sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi və s. istiqamətlərdə təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib, əməkdaşlıq imkanlarına dair fikirlərini qeyd edib.

“Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalinin ölkəmizə səfərindən və hər iki ölkənin KOB-ları arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq Dəyirmi Masanın təşkilindən məmnunluğunu qeyd edib.