“Yollardakı yağış barmaqlıqları asfalt çəkiləndə altda qalıb”

““Azərsu” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Avtomobil Agentliyi ilə birgə şəhərdə monitorinqlər aparıldı və biz hər il yağış yağdıqdan sonra su toplanan əraziləri müəyyən etdik. Həmin nöqtələrdə aparılan işlər nəticəsində su toplanması halları kəskin azalıb”. 

Bu sözləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov keçirdiyi mətbuat konfransında deyib. Sədr bildirib ki, 28 nöqtədə bu layihələr aparılıb: 

“Şəhər sürətli şəkildə inkişaf edir, böyüyür. Bütün kanalizasiya xətləri mütəmadi olaraq təmizlənir. Yağış yağdıqdan sonra gördüyümüz əlavə işlər də var.

Gəlin etiraf edək ki, ticarət mərkəzləri, bazarlardan kanalizasiya xətlərinə artıq tullantılar axıdılır. Ona görə də bu gün yağış xətlərindən daha çox kanalizasiya sistemini təkmilləşdirməyi planlaşdırırıq. Hazırda xərclərimiz hədsiz dərəcədə çox yüklənib. Ona görə də alternativ kollektorlarının tikilməsi planlaşdırılır.

Yollarda yağış barmaqlıqlarının bir çoxu asfalt çəkilən zaman altda qalıb. İndi yağış barmaqlıqlarının artırılması nəzərdə tutulub”.