Dövlət Komitəsində kollegiya iclası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. 

İclası giriş sözü ilə açan Komitə sədri Fuad Muradov diasporla işin düzgün qurulmasının istiqamətləri və qarşıda duran yeni hədəflər barədə danışıb.

Diqqətə çatdırılıb ki, qısa müddətdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaranıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platfor-malarda birləşməsi üçün mühüm addımlar atılıb. Diaspor təşkilatları və ayrı-ayrı şəxslər Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, heç bir əsası olmayan erməni iddialarının ifşası ilə əlaqədar  böyük işlər görürlər.

İclasda “İnsan resursları, hüquq və sənədlər iş” və “Təbliğat, informasiya, və analitik təhlil” şöbələrinin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Bildirilib ki, son 2 il ərzində 8 normativ-hüquqi sənəd layihəsi hazırlanıb, sənədlərin elektron bazası formalaşdırılıb, informasiya və təbliğat işinin təşkili istiqamətində Media, İKT Mərkəzi formalaşdırılıb, rəsmi internet saytı üç dildə fəaliyyət göstərir və 98 ölkədən izlənir. Mərkəzə daxil olan infoqrafik xəritədə 49 ölkədə fəaliyyət göstərən 500-dən çox diaspor təşkilatı haqqında informasiya toplanıb, son dövrlər elektron müraciətlərin sayı artıb və operativ şəkildə cavablandırılır.

Komitənin həyata keçirdiyi irihəcmli layihələr, informasiya və təbliğat sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan Strateji Yol xəritəsinin həyata keçirilməsində kollektivin məsuliyyəti, hər bir şəxsin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi  və s. məsələlər müzakirə olunub, statistik göstəricilər təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.