“Toplanmış imzaları DSK-ya təqdim edəcəyik”

“Artıq imzatoplama kampaniyasını uğurla başa vurduq və toplanmış seçici imzalarını 52 saylı Quba dairə seçki komissiyasına təqdim edəcəyik".

Bu sözləri siyasi ekspert Əlabbas Məhərrəmov deyib. O, ona dəstək olan şəxslərə təşəkkürünü bildirib:

“Seçkilərin bu mərhələsində namizədliyimin qeydə alınması üçün imza verən, mənə dəstək olan qubalılara minnətdarlığımı bildirirəm. Seçicilərlə təmaslarım bir daha təsdiqləyir ki, onlar yenilik istəyirlər – həm ölkənin, həm də onları parlamentdə təmsil edən deputatlarının”.

“Yeri gəlmişkən, dünən Yeni Azərbaycan Partiyası da öz namizədlərini açıqladı və 52 saylı Quba seçki dairəsində hakim partiyanı təmsil edəcək namizəd də bəlli oldu. Sevindirici haldır ki, YAP bu dairədən gənc namizəd irəli sürməklə, gəncləşdirmə siyasətinin davamlı olacağını nümayiş etdirdi. Eyni zamanda, Quba seçiciləri də artıq öz seçimlərini ötən əsrdən bu yana parlamentdə yer tutanlar deyil, gənclər arasından edəcəklər. Buna inanıram”, - deyə siyasi ekspert əlavə edib.