Asif Əsgərov qayğıya ehtiyacı olan sakinlərlə görüşdü

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək Həmrəylik Gününün qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, əlamətdar günün tarixi əhəmiyyətindən və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu günün xüsusi rolundan danışıb.

 Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış, demokratik təsisatlar möhkəmləndirilib.

 

Çıxışının sonunda A.Əsgərov ölkə başçısı İlham Əliyevin və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, qaldırdıqları problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Tədbirin sonunda 700-dən artıq ailəyə müxtəlif çeşidli ərzaqlardan ibarət bayram sovqatları verilib.