“Şücaətə görə” medalı Rəşad Atakişiyevin ailəsinə təqdim olundu

Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə baş çəkib.

Mərhum pilotun ailə üzvlərini qarşıdan gələn bayramlar münasibətilə nazirliyin rəhbərliyi adından təbrik edən R.Tahirov bildirib ki, R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddətdə peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb və onun xidmətləri həmişə yüksək qiymətləndirilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra təltif olunduğu Azərbaycan Respublikasının “Şücaətə görə” medalı dekabrın 28-də bayram ərəfəsində polkovnik-leytenant R.Atakişiyevin ailəsinə təqdim edilib.

Medalı təqdim etdikdən sonra general-leytenant R.Tahirov hərbi pilotun ailəsinin qayğıları ilə maraqlanıb və bayram hədiyyələrini təqdim edib.

R.Atakişiyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.