İsmayıllıda tolerantlıq və multikultural dəyərlərə böyük önəm verilir

 

İsmayıllı Rayon İcra Hakimiyyəti informasiya təminatı və təhlil sektorunun məlumatı

Müxtəlif saytları, xəbər portallarını, internet.tv-ləri izləyərək bu qərara gəlirik ki, 23 yanvar  2013-cü il tarixdə baş verən İsmayıllı hadisələrində öz məqsədlərinə çata bilməyənlər yenə də rayonda sabitliyi pozmaq, ara qarışdırmaq, qarşıdurma yaratmaq, hətta milli nifaq salmaq fikrinə düşməyə cəhd göstərirlər. Res.tv (Respublika xəbərləri.com) saytı Uştal kənd sakini Hacı Məmmədovdan götürdüyü video-müsahibəni yayımlamaqla lap uzağa gedib.

Həmin saytın rəhbərliyi Uştala qonşu Qalagah kənd sakini, jurnalistikadan tamamilə uzaq, orta texnikitəhsilli Asim Nazim oğlu Qasımovu “müxbir” götürüb və salıb çöllərə. O Hacı Məmmədovun (el arasında “Hajo” deyirlər) dili ilə rayon icra hakimiyyətinin ünvanına şər-böhtan deyir, iftira yağdırır. Kəndə qaz çəkilməməsinin səbəbini rayon icra hakimiyyətində görür. Soltankənd məktəbinin açılış mərasimində guya başçı Qərbi azərbaycanlıları təhqir edib. Şərləmənin belə iyrənc üsulu heç zaman özünü doğrultmayıb. Əslində məktəb istifadəyə veriləndə indiki başçı Gəncədə işləyirdi.

Biz informasiya təminatı və təhlil sektoru olaraq bəyan edirik ki, İsmayıllı tolerant rayondur. Düşmənlərimiz buradan gedəndən sonra milli və ya etnik zəmində heç bir qarşıdurma baş verməyib. Dini, milli, coğrafi mənsubiyyətinə fərq qoymadan hər bir İsmayıllı sakininə cənab Prezidentin tapşırığı səviyyəsində qayğı göstərilir, problemlərinin həllinə məsuliyyətlə yanaşılır, sosial həyatının yaxşılaşması üçün səmərəli tədbirlər keçirir. Rusların yaşadığı İvanovka kəndi, ləzgilərin tarixən məskunlaşdığı Qalacıq kəndi, Qərbi azərbaycanlıların məskən seçdikləri Qalagah, Qoşakənd, Soltankənd, Uştal, Kəlbənd və digər kəndlər rayon rəhbərliyinin daha çox diqqətində olan yerlərdir. Hamıdan, hər şeydən narazı qalan, hamını pis, yalnız özünü yaxşı bilən Hacı Məmmədovun nəvəsi Qoşakənd bələdiyyəsinin sədridir. Qərbi azərbaycanlılar Şahin Musayev, Ələddin Ələkbərov icra nümayəndələridir. Neçə-neçə bələdiyyə sədri və məktəb direktoru Qərbi Azərbaycan əsillidir, İsmayıllı rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri də əslən Qərbi Azərbaycandandır.

Hacı (Hajo) Məmmədov Asim Qasımovun cəfəng sicilləməsində hamı tərəfindən rədd edilməyə layiq bir ifadə işlədir: “Ətraf kəndlərdə yaşayanlar hamısı azərbaycanlıdır. Onların qazı var, bizimki yox?” Onda bəs Hacı Məmmədov kimdir? Hansı millətə mənsubdur? Kənd camaatı bu video çəkilişə artıq öz mənfi münasibətlərini yazılı formada bildiriblər.

Ümummilli liderimiz azərbaycanlı olmağı ilə fəxr edirdi. Bizi də azərbaycançılıq ideologiyası əsasında birləşdirib. Gənc yaşından əyri yola düşmüş Asim də, nəvələrinə pis nümunə olan H.Məmmədov da bu ideologiyadan uzaq düşdüklərini dərk etmələri üçün hələ gec deyil.

Azərbaycanda o cümlədən onun dilbər guşəsi olan İsmayıllıda tolerantlıq və multikultural dəyərlərə böyük önəm verilir. Rayonda əmin-amanlığın qorunması hər birimizin ümdə borcumuzdur!

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin

informasiya təminatı və təhlil sektoru